10/22/2022
Bəxtimə gözümün qarası dəyib
O qıza yaraşan söz tapmadım mən
Sarışın qadın
Sevgi qovuşmaq deyil
Hələ sağam gəl görüşək
Onu şəkildə sevdim
Yanımda ol həmişə
Niyə sevdim səni mən
İtirdin məni
Ürəyimi dərib getdi
Yerdə hamı ögey mənə
Yerə düşdüm dəniz gözdən
Səni tapanda bildim həyat nədir
10/21/2022
Qadınlar kişiləri sevər
Gəl sök bu daş günləri
Məni bu dünyaya gətirən ana
Nə qəribə darıxmaqdır
Qayıt gəl
Xəyalımda ev qurmuşam
Səni bir küçədə gözlərim tutdu
Bilməzsən necə darıxıram
Yıxıldım durduğum yerdə
Kaş ki ölən mən olaydım
Ayrılıq sevgini böyüdər gülüm
Ölüm unudacaq bizi
İlahi mənə yaxşı bax
Qır qəlbinin qəfəsini
Ümidi ölən adam
Unutmadım
Ömür verdiyim həyat
Sevdim səni
Ürəyim yanındadır
Dostlar düşmənim oldu
Yeriməyə çox tələsdim
Bəxtinə ayrılıq ölkəsi düşüb
Sözə sığmayan qadın
Bu sabah səninlə oyandım ana
Ana oğlun şəhid olub
Əlsiz əlil
Beşik və göz yaşı
Yerin boş qalmaz
Sənə qartopu gətirdim
Hansı dildə sevim səni
Bu ömrün yükü ağır
Hara dartır, hara çəkir,
Arxasınca söz bizi.
Tut iynənin ucundan,
Eyni sapa düz bizi.
Axı hələ sağıq biz,
Bu yol bu da, bizim iz.
Bu evdə gecə-gündüz,
Gəzir neçə göz bizi.
Bu ömrün yükü ağır,
Sevgidən də dərd doğur.
Nə yol yoxdur nə cığır,
Tanrı yerdən üz bizi.
BU ÖMRÜN YÜKÜ AĞIR
şeirin müəllifi: ROMA XOSROV
Oğurlanan arzular
Çəkdi, hisslərimin ağrılarını,
Ağlım ürəyimdən razı qalmadı.
Bir qız oğurladı arzularımı,
Sabaha tutmağa arzu qalmadı.
Hərə bu dünyadan bir sirr apardı,
Hamı özü boyda bir yer apardı.
Hər kəs öz üstündə bir kir apardı,
Dünyanın əynində tozu qalmadı.
Nə tapdım, tapdığım yerdə də itdi,
Ürəyim o qızın üstündə getdi.
Alnım sətir-sətir oxundu, bitdi,
Daha, yaşanası yazı qalmadı.
OĞURLANAN ARZULAR
şeirin müəllifi: ROMA XOSROV
Heykəl olmaq istəmirəm
Heykəl olmaq istəmirəm,
Döndərməyin, daşa məni.
Alın soyuq adamlardan,
Verin qurda, quşa məni.
Sevə-sevə qəm yaşadım,
Mən həm öldüm, həm yaşadım.
Dünya səni mən yaşadım,
Bir az da, sən yaşa məni.
Həyat səhnə ölüm, pərdə,
Kim yaradar, bizi bir də.
Ayağım dəyməyən yerdə,
Sözüm çəkdi, başa məni.
Varlığımla tez doyanlar,
Yoxluğumu gec duyanlar.
Bir vaxt məni tək qoyanlar,
Gəzir, qoşa-qoşa məni.
Bir quruca nəfəsdəyəm,
Özümdə yox, bir kəsdəyəm.
Sən azad ol, qəfəsdəyəm,
Ruhum, daha boşa məni.
HEYKƏL OLMAQ İSTƏMİRƏM
şeirin müəllifi: ROMA XOSROV
Hamını yalnız görəsən
Bu şəhərdə özün kimi,
Hamını yalnız görəsən.
Küçədə səni gözləyir,
İlk sevdiyin qız görəsən.
Tez uzaqdan səni görə,
Yaxınlaşıb, salam verə.
Səmadan boylanır yerə,
Bir qoşa ulduz görəsən.
Yığışa hamı, istinə,
Durasan sözün qəsdinə.
Küləkdən qaçır üstünə,
Qələmlə kağız görəsən.
HAMINI YALNIZ GÖRƏSƏN
şeirin müəllifi: ROMA XOSROV
Burda heç kim xoşbəxt deyil
Daha adamlar dəyişib,
Adam adama oxşamır.
Daha heykəllər yaşayır,
Daha canlılar yaşamır.
Burda günlər təkraralanır,
Burda yeni gün başlamır.
Daha şeytanlar daş atır,
İnsan şeytanı daşlamır.
Burda sevgilər kiçilib,
Hər gün ayrılıq yaşanır.
Burda heç kim xoşbəxt deyil,
Burda sevənlər boşanır.
BURDA HEÇ KİM XOŞBƏXT DEYİL
şeirin müəllifi: ROMA XOSROV
Ürəyimin dağı
Ayaq üstə duranın,
Öləni var, sağı var.
Bu dağınıq saçımın,
Qaradan çox, ağı var.
Ağacsan, yarpağın yox,
Tutmağa budağın yox.
Vətən, səndə sağın yox,
Ölənin torpağı var.
Rəssam bacarmaz bəlkə,
Dərdimin şəklin çəkə.
Bütün dağlardan yekə,
Ürəyimin dağı var.
ÜRƏYİMİN DAĞI
şeirin müəllifi: ROMA XOSROV
Ürəyimdə tikdiyim ev
Sən mənim qəlbimə çəkdiyin dağı,
Rəssamlar kağıza çəkə bilmədi.
Sənə ürəyimdə tikdiyim evi,
Varlılar şəhərdə tikə bilmədi.
Bu fəsil ömrümdə quraqlıq oldu,
Gözüm göz yaşını tökə bilmədi.
Qələm mürəkkəbin töküb kiridi,
Kağızlar dərdimi bükə bilmədi.
Səni elə yerdə əkdim, solmadın,
Bağbanlar belə gül əkə bilmədi.
Səni ürəyimə elə toxudum,
Heç kim bu ilməni sökə bilmədi.
Başımı qatır yoxluğun
Gözlərimə görünürsən,
Gözümü yumduğum yerdə.
Yoxsan, amma yaşayırsan,
Sənə yazdığım şeirdə.
Oda salır soyuqluğun,
Təkəm, içində çoxluğun.
Başımı qatır yoxluğun,
Gecə on ikidə, birdə.
Çox sınmışam, qırılmışam,
Yaşamaqdan yorulmuşam.
Sən gedəndən sarılmışam,
Gəlib məni tapan dərdə.
Adamsız küçə darıxır
Divardan asılan saat,
Bir bilsən, necə darıxır.
Hərdən oyan, saata bax,
Saatlar gecə darıxır.
Dözərsən bir yerə kimi,
Bir yol gedir səbrə kimi.
Doğulandan qəbrə kimi,
Hər qəlbi incə darıxır.
Sübhü açıncan, necə də-
Darıxır sübhə gecə də.
Gəl, hərdən qalaq küçədə,
Adamsız küçə darıxır.
ADAMSIZ KÜÇƏ DARIXIR
şeirin müəllifi: ROMA XOSROV
Gəl bu həsrəti apar
Mən səni necə sevsəm,
Sən də, elə belə sev.
İçim-çölüm eynidir,
Necə varam, elə sev.
Vaxt gedir, qatar-qatar,
Gəl, bu həsrəti apar.
Məni sevməyə nə var,
Bir azca tut dilə, sev.
Məndən inciyib, küsmə,
Bu yol bizimdir, kəsmə.
Ayrılığa tələsmə,
Ölənəcən hələ, sev.
GƏL BU HƏSRƏTİ APAR
şeirin müəllifi: ROMA XOSROV
Öyrəndim təkliyin yalnız dilini
Dilini öyrəndim bütün dillərin,
Öyrəndim qış dili, payız dilini.
Əzbərə çevirib ömrün illərin,
Öyrəndim təkliyin yalnız dilini.
Mən nəmli gözlərdə yaş dili bildim,
Daş olan ürəkdə daş dili bildim.
Adam dili bildim, quş dili bildim,
Qələmdən öyrəndim kağız dilini.
Göylərlə danışdım, yağış dilində,
Zirvəylə danışdım, yoxuş dilində.
Özgəylə danışdım, tanış dilində,
Öyrənə bilmədim, bir qız dilini.
Baxışından qəm yağır
Üstünə bir çətir tut,
Ürəyinə nəm yağır.
Gözlərin susub amma,
Baxışından qəm yağır.
Kaş, dil tapıb danışa,
Göy də, yerlə barışa.
Torpaq həsrət yağışa,
Yağış da, hərdən yağır.
Üzündən nəmi qurut,
Bu ağlamağı unut.
Gözün göy, qəlbin bulud,
Yağanda, birdən yağır.
BAXIŞINDAN QƏM YAĞIR
şeirin müəllifi: ROMA XOSROV
Hamı ömrün uduzdu
Bax, bu yol qaranlığa,
Bu yol, sabaha gedir.
Yol var ki, haqq evinə,
Yol var, günaha gedir.
Sönən, bizim ulduzdu,
Hamı ömrün uduzdu.
Ölüm burda ucuzdu,
Torpaq da, baha gedir.
Bizə kim çıxar yiyə,
Əllərini tut, göyə.
Bu yol üzü qibləyə,
Üzü Allaha gedir.
HAMI ÖMRÜN UDUZDU
şeirin müəllifi: ROMA XOSROV
Hərə bir kəsdən yetimdi
Gözlərində göstər, məni,
Dur qarşımda güzgü kimi.
Hər dəfə kəsir yolumu,
Baxışların hörgü kimi.
Ürəyim qaldığın yerdi,
Kim sənə belə yer verdi.
Mənə sevgi adlı dərdi,
Tanrı verib, vergi kimi.
Hərə bir kəsdən yetimdi,
Kimim var ki, sənsiz indi.
Səni sevməmək çətindi,
Sən gözəlsən, sevgi kimi.
HƏRƏ BİR KƏSDƏN YETİMDİ
şeirin müəllifi: ROMA XOSROV
Bir evin içində azıb qalmışıq
Doğulur Bakıda, ölür Bakıda,
Yetimin ayrıca şəhəri yoxdur.
İçimdən hər şeyi oğurlayıblar,
Neyniyim, qəlbimin çəpəri yoxdur.
Bu evdən Allahın öz xəbəri var,
Yerin də, göy boyda bir kədəri var.
Bütün gecələrin bir səhəri var,
Burda gecələrin səhəri yoxdur.
Daha özümüzə biz yad olmuşuq,
Dünyanı su basar, elə dolmuşuq.
Bir evin içində azıb qalmışıq,
Heç kimin, heç kimdən xəbəri yoxdur.
BİR EVİN İÇİNDƏ AZIB QALMIŞIQ
şeirin müəllifi: ROMA XOSROV
Gör əllərim necədir
Bax, yenə də gəlirsən,
Bax, yenə də gecədi.
Əl uzat, bir salam ver,
Gör əllərim necədi.
Yenə, həyat dayanıb,
Bu kainat dayanıb.
Burda saat dayanıb,
Orda saat neçədi?
Bir qapı göstər döyüm,
Kimə dərdimi deyim.
Sənin evin ürəyim,
Mənim evim küçədi.
Sözün dəyər ürəyimə
Gəlib düşdün ürəyimin boş yerinə.
Xoş bəxtinə, xoş halına, xoş yerinə.
Qorxuram ki, sən arxamca söz atarsan,
Sözün dəyər ürəyimə daş yerinə.
Gözlərimdə səni elə ucaltmışam,
Saxlayıram gözüm üstə qaş yerinə.
Bilirsənmi kim xətrinə dəysə sənin,
Gözlərimdən yerə düşər yaş yerinə.
SÖZÜN DƏYƏR ÜRƏYİMƏ
şeirin müəllifi: ROMA XOSROV
Yaşamaq gözümə durub
Görən, ölüm saatımı,
Tanrı hansı vaxta qurub.
Sənə gələn yolu göstər,
Tanrı, bu yol məni yorub.
Bərk tut, qoyma düşə qəlbim,
Əlindən, bu şüşə qəlbim.
Öyrənib vərdişə qəlbim,
Yer verdiyi yerə vurub.
Yaşadığım günlər günah,
Bu gecələr açmaz sabah.
Çoxmu çəkər, ömrüm Allah,
Yaşamaq gözümə durub.
YAŞAMAQ GÖZÜMƏ DURUB
şeirin müəllifi: ROMA XOSROV
İtsəm məni dərd tapar
Ürəyinə yatmadım,
Xəyalınla yatıram.
Sənsiz keçən ömrümə,
Göz yaşımı qatıram.
Tanrı, məni gəl apar,
İtsəm, məni dərt tapar.
Sənə bir can borcum var,
Borc içində batıram.
Unudur, hər gün biri,
Cibləri boş şairi.
Sənə yazdığım şeri,
Qışda peçə atıram.
İTSƏM MƏNİ DƏRD TAPAR
şeirin müəllifi: ROMA XOSROV
Hərə bir ürəyin içində imiş
Böyüyür, böyüyür xırdaca bir söz,
Bir sözün içində boğulur, adam.
Nə qədər dartılsa yenə, yay kimi,
Qayıdıb özünə yığılır, adam.
Hərə bir ürəyin içində imiş,
Ürək sıxıldıqca, sıxılır adam.
Bu qısa ömürdə, bu uzun yollar,
Dolaşır ayağa, yıxılır adam.
Birinin üstünə kölgəsin salır,
Birinin yolunda dağ olur, adam.
Bir kişi sevgisi öldüyü yerdə,
Bir qadın bətnində doğulur, adam.
HƏRƏ BİR ÜRƏYİN İÇİNDƏ İMİŞ
şeirin müəllifi: ROMA XOSROV
Evimin gülü
Qoymaram, gülüm mənim,
Evimin gülü solsun.
Mən sevdiyim o gözlər,
Qəm çəksin, yaşa dolsun.
Mənim öpdüyüm saça,
Nə əl vur, nə də qayçı.
Saçlarının yox suçu,
Qoyma küləklər yolsun.
Əlim sənə çatanda,
Yox əlimi tutan da.
Qapını ört yatanda,
Döyməyə qapım olsun.
EVİMİN GÜLÜ
şeirin müəllifi: ROMA XOSROV
Bir ömrün yolun gedirəm
Bu dünyadan, o dünyaya,
Bir ömrün yolun gedirəm.
Qarşıma çıxan yolları,
Ayağı yalın gedirəm.
Mənə açılan qolların,
Çoxdur, bağlayan yolların.
Anam, yığdığım pulların,
Hamısın alın, gedirəm.
Kimsən ay məni gizləyən,
Gözü yaşlı əzizləyən.
Məni Allahdı, gözləyən,
Tez yola salın, gedirəm.
BİR ÖMRÜN YOLUN GEDİRƏM
şeirin müəllifi: ROMA XOSROV
Yazılmadın ömrümə
Bir rəssamın fırçasıyla,
Sənli bir şəkil çəkirəm.
Bir ürəyin ortasında,
Boş qalan mənzil çəkirəm.
Yazılmadın ömrümə,
Heyif sənsiz günümə.
Hisslərimin önünə,
Tikanlı məftil çəkirəm.
Kim tanıyıb, görmədi,
Deyin, ömür sürmədi.
Bu dünya bir türmədi,
Mən də, burda il çəkirəm.
YAZILMADIN ÖMRÜMƏ
şeirin müəllifi: ROMA XOSROV
Burda gecələrin səhəri yoxdur
Burda gecələrin səhəri yoxdur,
Burda şam yerinə min adam yanıb.
Yığıb Qarabağı bir damın altda,
Kimsə kibrit çəkib, həmən dam yanıb.
Bu ocağı yana-yana götürdük,
Göydən hisin, yerdən izin süpürdük.
Közü qaldı, bir ağızdan üfürdük,
Adam yandı, hamı dedi, şam yanıb.
Boğmadı... boğmadı yaş adamları,
Heykələ çevrilən daş adamları.
İçi qutu kimi, boş adamları,
Durub görəsən ki, bir axşam yanıb.
BURDA GECƏLƏRİN SƏHƏRİ YOXDUR
şeirin müəllifi: ROMA XOSROV
Məni elə sev ki
Məni elə sev ki,
səndən özgə,
bir qadına güvənməyim.
Məni elə sev ki,
bu paltarsız qadınlardan,
qapı-qapı, küçə-küçə,
heç vaxt, sevgi dilənməyim.
Məni elə sev ki,
son sevgim yox,
İlk sevgim ol,
Səndən sonraki sevgiyə inanmayım.
Məni elə sev ki,
ömür boyu
həyatımda sənin qədər,
bir qadını qısqanmayım.
Məni elə sev ki,
ürəyimin ağrıları
gözlərimdən oxunmasın.
Məni elə sev ki,
əlim qələm tutan gündən,
ayrılıqdan yazan qələm,
həsrət dolu baxışlarla,
kağızlara toxunmasın.
MƏNİ ELƏ SEV Kİ
şeirin müəllifi: ROMA XOSROV
Qəlbimiz Laçında qaldı
Laçının boy atan dərdi,
Anamın saçında qaldı.
Vətən qoxusu atamın,
Burnunun ucunda qaldı.
Haqq yolunu seçdi babam,
Çətin yollar keçdi babam.
Laçın deyib, köçdü babam,
Göz yaşı ovcunda qaldı.
Bu yükü necə götürdük,
Vətəndə vətən itirdik.
Hər şeyi yığıb gətirdik,
Qəlbimiz Laçında qaldı.
QƏLBİMİZ LAÇINDA QALDI
şeirin müəllifi: ROMA XOSROV
Övladın ananı itirmək qorxusu
Allah, anam dünyadan-
Köçəndə neynəyəcəm.
Yeddisində, qırxında,
Üçündə neynəyəcəm.
Fikir dondurar qanı,
Ölüm almağa canı.
Analardan anamı,
Seçəndə neynəyəcəm.
Fələk, ölüm günündə,
Evimin bir tinində.
Kəfənin göz önümdə,
Biçəndə neynəyəcəm.
Dizi laylam, beşiyim,
Çəkəmmədim keşiyin.
Mən, onsuz ev-eşiyin,
İçində, neynəyəcəm.
Qəlbim nələrə dözüb,
Bu qorxu məni üzüb.
Mən anamsız çay süzüb,
İçəndə neynəyəcəm.
Məni tutur ağlamaq,
Olmur, yaşı saxlamaq.
Könlümdən qucaqlamaq,
Keçəndə neynəyəcəm.
Allah, anam dünyadan,
Köçəndə neynəyəcəm.
Yeddisində, qırxında,
Üçündə neynəyəcəm.
Soldu ürəyimdə bu payız hamı
Arzular dağıldı, küçə boyunca,
Asdım ümidimi, bir qız telindən.
Nə sevə bilmədim onu, doyunca,
Nə də ki, ölmədim, onun əlindən.
Soldu ürəyimdə, bu payız hamı,
Məndən yarpaq-yarpaq adamlar düşür.
İlk görüş yerimiz, o uçuq damda,
İndi yuva qurub, quşlar görüşür.
Ağac da qurudu, fikir çəkməkdən,
Ayaq izimizi yollar unutdu.
Sən getdin, ömrümün qışına döndüm,
Gözlərim yağışdı, qəlbim buluddu.
SOLDU ÜRƏYİMDƏ BU PAYIZ HAMI
şeirin müəllifi: ROMA XOSROV
Dostlar itirəcək məni
Sevənlər bu dünyaya,
Yenə gətirəcək məni.
Bir vaxt ayaqda qoyanlar,
Əldə götürəcək məni.
Qəlbim söz-söz qopacaq,
Ruhum kağıza hopacaq.
Yadlar kitabda tapacaq,
Dostlar itirəcək məni.
Bu dünyaya gətirdiyim,
Hər yükünü götürdüyüm.
Bir gün, dərsə ötürdüyüm,
Qəbrə ötürəcək məni.
Qara günün səhəriyəm
Sənin qəlbin bir dünyadır,
Mən də, onun şəhəriyəm.
Misra-misra, sətir-sətir,
Öz ömrümün əsəriyəm.
Harda idin, sənsiz təkdim,
Ürəyimə dərdlər əkdim.
Bu həsrətə hasar çəkdim,
Ayrılığın çəpəriyəm.
Tanrıya tut ağ üzünü,
Unutma özün-özünü.
Qara gözlüm aç gözünü,
Qara günün səhəriyəm.
Nəfəs-nəfəs sıxılıram
Mən bilirəm, ömür deyil,
Kim bilir, sürdüyüm nədir.
Hər gün yaşımı sayıram,
Yaş üstə sərdiyim nədir?!
Bir candı da, daşıyıram,
Kim deyir ki, yaşayıram.
Görən, kimə oxşayıram,
Güzgüdə gördüyüm nədir?!
Diri-diri yox oluram,
Öz içimə yıxılıram.
Nəfəs-nəfəs sıxılıram,
Bu alıb verdiyim nədir?!
NƏFƏS-NƏFƏS SIXILIRAM
şeirin müəllifi: ROMA XOSROV
Ayrılıq sevgidən çox tez doğuldu
Əl atsam göyə də, çatardı bəlkə,
Əlim xoşbəxtliyə çatmadı, amma.
Bu boş küçələrdə könlüm isindi,
Ürəyim o evə yatmadı, amma.
İtən inamımı tapa bilmirəm,
Qorxuram növbəti aldanış olar.
Hərə bir gözəllik axtarır, məndə,
Kim mənim dərdimlə de, tanış olar.
Taleyim açarı itən bir qapı,
Ürəyim yiyəsiz, bomboş otaqdı.
Ən uzaq bir adam mənə ən yaxın,
Yanımda olanlar məndən uzaqdı.
Saxladım gözümdə, gözümün yaşın,
O göz yaşlarında gözüm boğuldu.
Sən demə, ayrılıq bizdən də qabaq,
Ayrılıq sevgidən çox tez doğuldu.
AYRILIQ SEVGİDƏN ÇOX TEZ DOĞULDU
şeirin müəllifi: ROMA XOSROV
Ölüm ömrün davamıdır
O dünyanın evlərinin,
Otaqları birdi, atam.
Orda heç kəsi axtarma,
Getdiyin qəbirdi, atam.
Yaşayıb çatdın, ölümə,
Ölüm ömrün davamıdır.
Tanrı qoymaz darıxasan,
Tanrı təkin adamıdır.
Saatı çəkdim, geriyə,
Günlər sənə qayıtmadı.
Sənə yanan ürəyimi,
Göz yaşım da soyutmadı.
Bəlkə də, sən ölməmisən,
Ayaq üstə ölən bizik.
Sən yerində dayanmısan,
Sənə doğru gələn bizik.
Bu kirayə ev-eşiyin,
Qapısın bağlayıb, getdin.
Ömrü sürüb son mənzilə,
Vaxtı da, saxlayıb getdin.
Yurdsuzların boyu demə,
Bir ovuc torpaq qədərmiş.
Ürəyi dağ olanların,
Cismi də, uşaq qədərmiş.
Bircə, Allaha borcluydun,
Daha borcun da, qalmadı.
Canı tapşırdın, Allaha,
Vaxtını da, çox almadı.
Sən də...sən də sümüyəcən,
Qəbirdə sınıxacaqsan.
Öz üzünü görməyəndə,
Özünçün darıxacaqsan.
Qəlbin yatıb, saat kimi,
Durmusan sükut içində.
Tanrı laylanı çalacaq,
Getdiyin tabut içində.
ÖLÜM ÖMRÜN DAVAMIDIR
şeirin müəllifi: ROMA XOSROV
Mən doğru yaşadım bu yalan ömrü
Bir ömür birini mən elə sevdim,
Sevirəm deməyə, dilim gəlmədi.
Baxışı qəlbimə elə toxundu,
Ona toxunmağa, əlim gəlmədi.
Məndən sağ gedənlər ölü qayıtdı,
Ağıllı bildiyim dəli qayıtdı.
Bütün fəsillərin gülü qayıtdı,
Mənim gül qoxulu gülüm gəlmədi.
Nə uşaqlıq gördüm, nə cavan ömrü,
Mən doğru yaşadım, bu yalan ömrü.
Nə yaman uzunmuş, bir insan ömrü,
Bu qədər yaşadım ölüm gəlmədi.
MƏN DOĞRU YAŞADIM BU YALAN ÖMRÜ
şeirin müəllifi: ROMA XOSROV
Bu dünya çox balacadır
Yaşayırıq gecə ilə,
Bu gündüzün arasında.
Kimə baxırsan gizlənib,
Neçə üzün arasında.
Ölməyəsən, olmayasan,
Açmayasan, solmayasan.
Kaş sıxılıb qalmayasan,
İki sözün arasında.
Bir qapıdı, bir bacadır,
Boyu hamıdan ucadır.
Bu dünya çox balacadır,
Qaşla, gözün arasında.
BU DÜNYA ÇOX BALACADIR
şeirin müəllifi: ROMA XOSROV
Laçın
Bu gün hamı səndən danışdı, Laçın,
Sən köhnə dillərə təkrarsan, Vətən.
Bitdi sərhəddində dəmir tikanlar,
Qarşımda bir sədsən, divarsan, Vətən.
Adammı ağladı, buludmu doldu,
Bu ömür yolu da, nə uzun yoldu,
Yerdən göy üzü də əl çatan oldu,
Sən bizdən başqa cür kənarsan, Vətən.
Danış, bu həsrətin bir çarəsindən,
Bezmişəm, vətəndə ev kirəsindən.
Adını sildilər Yer kürəsindən,
Bircə, xəritədə sən varsan, Vətən.
LAÇIN
şeirin müəllifi: ROMA XOSROV
Sənsiz darıxıram
Sənsiz darıxıram
arada
səklini çəkdir.
Üstünə də,
göz yaşı axıt
şəkli,
nəm göndər.
Biz ki,
sevgiylə doğulduq,
dərdlə böyüdük.
Nə olar,
yadına düşürəmsə
bir az
qəm göndər.
Bu bağlılıq sevgi deyil
Göz yaşını qurutmağa,
Yanaqların sərgi deyil.
Ağlama, keç unutmağa,
Bu bağlılıq sevgi deyil.
Gəzdik ömrü otaq-otaq,
Yaxın-yaxın düşdük uzaq.
Barmağım saçında daraq-
Gözüm sənə güzgü deyil.
Tanrı təkdir, bizsə yalnız,
Sönüb daha, bizim ulduz.
Hər qılınan namaz ay qız,
Günahlara silgi deyil.
BU BAĞLILIQ SEVGİ DEYİL
şeirin müəllifi: ROMA XOSROV
Bir adam özün axtarır
Ay gözümdən düşən adam,
De, kimi gözün axtarır.
Baxırsan ki, üzsüz adam,
Allahın üzün axtarır.
Yerdə kimdirsə qəm çəkir,
Göydə bulud da, nəm çəkir.
Sözün dərdin qələm çəkir,
Şair də, izin axtarır.
Yol gedir o, gündüz, gecə,
Ağlı itib, necə, necə,
Qapı-qapı, küçə-küçə-
Bir adam özün axtarır.
BİR ADAM ÖZÜN AXTARIR
şeirin müəllifi: ROMA XOSROV
Özünü qəlbimdə qoyub getmisən
Dərdinə dərmandı, dərdindən ölən,
Xəstəlik tapanda, məni harayla.
Bir isti baxışla soyuq havada,
Durum başın üstə, zoğallı çayla.
Hər bir qadını aldadan bir kişi-
Hər kişini ağladan bir qadın var.
Gözlərim əksini tamam unudub,
Yaxşı ki, qəlbimdə hələ adın var.
Özünü qəlbimdə qoyub getmisən,
İndi də hardasan, yadına düşmür.
Daha kişilər də azalıb, qadın,
Ağıllı kişi hər qadına düşmür.
Sən yoxsan, şəhərdə külək də əsmir,
Sən getdin, səninlə havam kəsildi.
Ağaclar yarpağın soyunur, burda,
Sənin ürəyində hansı fəsildi.
Gələndə boş gəlmə, bir az qəm gətir,
Qorxuram ki, səndən qələm yazmaya.
Qorxuram söz qoşam, mən sətir-sətir,
Kağızın üstünə gələm, yazmaya.
Dərdinə dərmandı, dərdindən ölən,
Xəstəlik tapanda, məni harayla.
Bir isti baxışla soyuq havada,
Durum başın üstə, zoğallı çayla.
Özümü çəkdim sözümə
Parçalanıb bölünmüşəm,
Ölkəmdə bölgələr kimi.
Mən özümə qayıtmadım,
Burdakı döngələr kimi.
Yolda durub gözləyirəm,
Mən özümü gizləyirəm.
Addım-addım izləyirəm,
Mən səni, kölgələr kimi.
Üz çəkmədim mən, üzümə,
Özümü çəkdim, sözümə.
Durub uzaqdan özümə-
Baxıram, özgələr kimi.
ÖZÜMÜ ÇƏKDİM SÖZÜMƏ
şeirin müəllifi: ROMA XOSROV
10/20/2022
Yıxdı yada inam bizi
Özümüzə güvənmədik,
Yıxdı, yada inam bizi.
Gözümüzün tərəzisi,
Aldadırmış tamam, bizi.
Gəlib düşdük, bu şəhərə,
Daş atmadıq, bir nəfərə.
Şükür, sağ çıxdıq səhərə,
Nə gözləyir axşam, bizi.
Addım öndə, fikir dalda,
Yola çıxdıq biz bu halda.
Görən getsək, hansı yolda-
Qarşılayar, adam bizi?!
YIXDI YADA İNAM BİZİ
şeirin müəllifi: ROMA XOSROV
O kəsilən ağac deyil
O ağacın qollarını,
Görəsən o kimdi, kəsir.
Budağı qorxu içində,
Yarpaqları tir-tir əsir.
O ağacda yuva qurub,
Quşlar ora yem gətirdi.
Ağac qolun itirəndə,
Quşlar da, evin itirdi.
Qurdlar yedi için, çölün,
Qarışqalar köçüb getdi.
Kölgəsinə sığınanlar,
Baxıb gendən, keçib getdi.
Bu dünyada havam çatmaz,
Hər küçəsi bir qəfəsdir.
O kəsilən ağac deyil,
Aldığımız bu nəfəsdir.
Bütün sevgilərdən uzaq düşmüşəm
Deyəsən, ömrümün payız fəslidir,
Yatıram, yastığa saçım tökülür.
Başımı yanında dik tutsam da mən,
Səndən ayrılanda belim bükülür.
Hamıdan gizlədib gözümün yaşın,
Axdıqca qəlbimə, sutək içirəm.
Bir vaxt sən atdığın o səhv addımın,
İndi, addım-addım üstdən keçirəm.
Bütün sevgilərdən uzaq düşmüşəm,
Sevən bir qadıntək, qucaqla məni.
Axı, səndən yaxşı kim ağlayar ki,
Sevdiyim gözlərlə sən ağla, məni.
Gözləyə bilmədim ayaqlarımı,
Yanına gəlməyə ürək tələsdi.
Mənim bu dünyada yaşamağıma,
Səndən bir xatirə şəkil də bəsdi.
Saçlarım rəngini dəyişəcəkdir,
Baş alıb gedəcəm, bir son yağışla.
Mən harda itirdim səni, bilmirəm,
Amma, unutmadım, məni bağışla.
Boy vermədim sözüm boyda
Əlim boyumdan yuxarı,
Hey uzanır, Laçınacan.
Darıxdım, dost, darıxıram,
Lap burnumun ucunacan.
Dünya görən gözüm boyda,
Boy vermədim, sözüm boyda,
Dərdim olub özüm boyda,
Ayağımdan saçımacan.
Anam, sizə xoş gəlmişəm,
Gözlərimdə yaş, gəlmişəm.
Bu boş evə boş gəlmişəm,
Ətəyimdən ovcumacan.
BOY VERMƏDİM SÖZÜM BOYDA
şeirin müəllifi: ROMA XOSROV
Yuxular görüş yeridir
Sənsiz bu dörd divar isitmir məni,
Sənlə qızınıram, yağışın altda.
Gecə hamıdan tez mən yatıram ki,
Şəklin darıxmasın balışın altda.
Bəzən bu yaxınlıq bezdirər səni,
Hər gün addım-addım uzaqlaşarsan.
Boş qalan küçələr təkləyər səni,
Bir gün mənsizliklə ayaqlaşarsan.
Səni sevdiyimi daşlar, divarlar,
Adını yazdığım ağaclar bilər.
Hər axşam bir qadın keçər içimdən.
Hər axşam bir qadın hayıma gələr.
Bir azca dolmuşdum, göylərdən qabaq,
Bulud göz yaşımı görüb kiridi.
Mənim bu şəhərdə yerim yoxdur, yox,
Mənimçün yuxular görüş yeridir.
YUXULAR GÖRÜŞ YERİDİR
şeirin müəllifi: ROMA XOSROV
Boyu balaca şairlər
Şair Nazim Əhmədliyə həsr olunur
Dostum, şair doğulanlar,
Hər cür ehtiyaca düşür.
Hamı çəkən bir dərd kimi,
Şairlik də aca düşür.
Həsrət var çatılan qaşda,
Bir qaraltı qalmaz başda.
Yaxşı şair cavan yaşda,
Şəkillərdə qoca düşür.
Vaxt aparan bu şeirlər,
Bu dərd, sevgi və sairlər.
Boyu balaca şairlər,
Yer üzünə uca düşür.
BOYU BALACA ŞAİRLƏR
şeirin müəllifi: ROMA XOSROV
Sevgimiz ucaltdı bizi
Yer üzündən Allahacan,
Sevgimiz ucaltdı, bizi.
Bir qadın bir həyat verdi,
Bir qadın qocaltdı, bizi.
Yox kimiydik, ola-ola,
Çiçək açdıq, sola-sola.
Bərkimişdik, dola-dola,
Ağladıb yumşaltdı bizi.
Göydən əlin üzən Allah,
Ürəklərdə gəzən Allah,
Tənhalıqdan bezən Allah,
Darıxıb, çoxaltdı bizi.
SEVGİMİZ UCALTDI BİZİ
şeirin müəllifi: ROMA XOSROV
Mən kədərli şəkiləm
Anam mənə nəzir deyib,
Mən anama satılmışam.
Bir atalı yetim kimi,
Bu dünyaya atılmışam.
O sükanı tapın görüm,
Mən bu ömrü necə sürüm,
Tanrı yazan bu ömürün,
Doqquz ayın tutulmuşam.
Tanrı, bu alnım, bu qələm,
Elə çək ki, gülə biləm,
Mən, kədərli bir şəkiləm,
Qaşlarımda çatılmışam.
MƏN KƏDƏRLİ ŞƏKİLƏM
şeirin müəllifi: ROMA XOSROV
Ev tikə bilmədim
Bütün şəhərlərdə səhər açıldı,
Bu doğma Bakımda axşamdı hələ.
Hərənin evində bir işıq yandı,
Bizim evdə yanan ağ şamdı, hələ.
Bəndə yaradanın üzünə ağdı,
Hər qadın bir kişi qəlbində dağdı.
Yaxşı ki, dünyanın yiyəsi sağdı,
Doğulub ölən də, adamdı hələ.
Hər günəş çıxanda açılmaz sabah,
Dünyaya gəlmək də elə bir günah.
Ev tikə bilmədim, evində Allah,
Evə yağış damar, bu damdı hələ.
EV TİKƏ BİLMƏDİM
şeirin müəllifi: ROMA XOSROV
Yaşamaqçün üzə düşdüm
Sənsiz nəfəsimi kəsir ürəyim
-
Bu dünyada nə heç bir qul, Nə də ki, bir şah qalacaq. Bu dünyada bizdən ancaq, Savabla, günah qalacaq. Xəbərin olmaz özündən, Doğulduq bir ...
-
Yenə gözümə baxıb, Üzümə güləcəksən. Səni necə sevirəm, Gözümdən biləcəksən. Demə ayrıldıq daha, Sevgim ömrümdən baha, Sən ümid eləmə ha… Qə...