10/21/2022

Ölüm ömrün davamıdır

O dünyanın evlərinin,

Otaqları birdi, atam.

Orda heç kəsi axtarma,

Getdiyin qəbirdi, atam.


Yaşayıb çatdın, ölümə,

Ölüm ömrün davamıdır.

Tanrı qoymaz darıxasan,

Tanrı təkin adamıdır.


Saatı çəkdim, geriyə,

Günlər sənə qayıtmadı.

Sənə yanan ürəyimi,

Göz yaşım da soyutmadı.


Bəlkə də, sən ölməmisən,

Ayaq üstə ölən bizik.

Sən yerində dayanmısan,

Sənə doğru gələn bizik.


Bu kirayə ev-eşiyin,

Qapısın bağlayıb, getdin.

Ömrü sürüb son mənzilə,

Vaxtı da, saxlayıb getdin.


Yurdsuzların boyu demə,

Bir ovuc torpaq qədərmiş.

Ürəyi dağ olanların,

Cismi də, uşaq qədərmiş.


Bircə, Allaha borcluydun,

Daha borcun da, qalmadı.

Canı tapşırdın, Allaha,

Vaxtını da, çox almadı.


Sən də...sən də sümüyəcən,

Qəbirdə sınıxacaqsan.

Öz üzünü görməyəndə,

Özünçün darıxacaqsan.


Qəlbin yatıb, saat kimi,

Durmusan sükut içində.

Tanrı laylanı çalacaq,

Getdiyin tabut içində.


ÖLÜM ÖMRÜN DAVAMIDIR

şeirin müəllifi: ROMA XOSROV



Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.