Bir vətənə, bir sənə,
Bir də, doğma anama.
Şeir yazmaq çətindi,
Ömrüm, məni qınama.
Anamın adı qədər,
Mənə doğmadır adın.
Ay ömür-gün yoldaşım,
Sözə sığmayan qadın.
Bir vaxt sevgili olduq,
Sonra həyat yoldaşı.
Məni ata elədin,
Xoşbəxt olduq, nə yaxşı.
Hər gün çöldə qısqandın,
Evdə axtardın məni.
Mənlə, mənsiz darıxdın,
Bu qədər sevdin, yəni.
Tək oldum, yetim oldum,
Dostum, sirdaşım oldun.
Bir qız, bir oğul verdin,
Bacım, qardaşım oldu.
Mənim yoxsul ömrümü,
Sən üzümə vurmadın.
Heç vaxt sözümdən çıxıb,
Sən üzümə durmadın.
Sənə qarşı səhvimin,
Birindən danışmadın.
Allah bağışlamazdı,
Sən idin, bağışladın.
Xəstə oldum, uşaqtək-
Qulluğumda dayandın.
Gecələr keşik çəkdin,
Səhər tezdən oyandın.
Dar gündə dayaq oldun,
Boynumu qucaqladın.
Məni dərdli görəndə,
Məndən qabaq ağladın.
Nə vaxt fikirli olsam,
Tez halımı soruşdun.
Sən məni özüm qədər,
Anlamağa çalışdın.
Ömür yoldu, bu yolda,
Getdiyim çox yol oldu.
Dünyada ən gözəl yol,
Sənə gəldiyim yoldu.
Bir vətənə, bir sənə,
Bir də doğma anama.
Şeir yazmaq çətindi,
Ömrüm, məni qınama.
SÖZƏ SIĞMAYAN QADIN
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.