10/22/2022

Yanımda ol həmişə

Bilirəm, evdə yoxsan,
Evim yoxdu elə bil.
Mən sənsiz kimsəsizəm,
Mən evsizəm, belə bil.

Evdə gözləyənim yox,
Mən kimçün evə dönüm.
Yiyəsiz qalan ev də-
Darıxır, ömrüm-günüm.

Qoy darıxan mən olum,
Dərd eləmə birdənəm.
Yenə də, işdən evə,
Qaçan, tələsən mənəm.

Yox... küçədə qalmayım,
Evdə gözləyim səni.
Bu gün evə ürək yox-
Ayaq aparır məni.

Ürəyim sənlə gedib,
Canımı da gəl apar.
Sən olmasan da, evdə,
Sən boyda sənsizlik var.

Ay hamıdan yaxınım,
Yaxında ol həmişə.
Həm ürəyimdə, həm də,
Yanımda ol həmişə.

YANIMDA OL HƏMİŞƏ
şeirin müəllifi: ROMA XOSROV



Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.