11/10/2023

Yaxşılıq qalacaq

 Bu dünyada nə heç bir qul,

Nə də ki, bir şah qalacaq.

Bu dünyada bizdən ancaq,

Savabla, günah qalacaq.


Xəbərin olmaz özündən,

Doğulduq bir ol sözündən,

Asılıb göyün üzündən,

Neçə-neçə ah qalacaq.


Əzrayıl bizi güdəcək,

Nə vaxtsa əldə edəcək,

Gedəcək, hamı gedəcək,

Yaxşılıq vallah qalacaq.


Əvvəlin, sonun bilsək də,

Biz bu dünyaya gəlsək də,

Bir gün hamımız ölsək də,

Şükür ki, Allah qalacaq.


Yaxşılıq qalacaq

şeirin müəllifi: Roma Xosrov

1 yorum:

  1. Hər ömür
    Nə gəzirdim, nə tapmışam dünyada
    Tapa bilməz itiyini hər ömür.
    Hər ürəkdə arzu yüksək olsa da
    Zirvə görməz gədiyini hər ömür

    Bir ömür ki gündən-günə əksilə
    Varlığını çalış sözə əks elə
    Yaxşı-yaman baxar kökə, nəsilə
    Əməl etməz dediyini hər ömür.

    Yaxşı eylə yaxşılarla ülfəti
    Yaxşı qoymaz yaxşılıqla minnəti
    Yamanlığa silah edib nifrəti
    Çəkə bilməz tətiyini hər ömür.

    Hər taleyin toru balıq gətirməz
    Ağac olub hər tum meyvə bitirməz
    Hər bir insan sözdən ibrət götürməz
    Tuta bilməz güdüyünü hər ömür.

    Həyat verdi ibrətindən dərsimi
    Lənətlərə düçar etdi tərsimi
    Çərkəz; - ömür mizrab altda tar simi
    Duya gərək kötüyünü hər ömür.
    30/ xı – 1985

    Gəlibdi

    Payız ilin qocalığı
    Ömrün zirvə ucalığı
    Yol ayrıcı, haçalığı
    Gözlərimə çən gəlibdi.

    Saç-saqqalı bəyaz duman
    Ümid keçib, sızlar güman
    Baxışlardan kədər daman
    Kirpiyimə nəm gəlibdi.

    Bülbül qonmur budaqlara
    Durna uçdu uzaqlara
    Qırğın düşdü yarpaqlara
    Yer üzünə qəm gəlibdi.

    İstəyi var – yaz duyğusu
    Hanı bənövşə qoxusu?
    Əbədi torpaq yuxusu
    Qəlbimə həmdəm gəlibdi.
    10/ xıı – 1985

    YanıtlaSil

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.