11/10/2023

Qayıdıb gələcəksən

Yenə gözümə baxıb,

Üzümə güləcəksən.

Səni necə sevirəm,

Gözümdən biləcəksən.


Demə ayrıldıq daha,

Sevgim ömrümdən baha,

Sən ümid eləmə ha…

Qəlbimdə öləcəksən.


Gözləyirəm mən hələ,

Az qalıb o gün gələ,

Sən getdiyin yol ilə,

Qayıdıb gələcəksən.


Qayıdıb gələcəksən

şeirin müəllifi: Roma Xosrov



Yaxşılıq qalacaq

 Bu dünyada nə heç bir qul,

Nə də ki, bir şah qalacaq.

Bu dünyada bizdən ancaq,

Savabla, günah qalacaq.


Xəbərin olmaz özündən,

Doğulduq bir ol sözündən,

Asılıb göyün üzündən,

Neçə-neçə ah qalacaq.


Əzrayıl bizi güdəcək,

Nə vaxtsa əldə edəcək,

Gedəcək, hamı gedəcək,

Yaxşılıq vallah qalacaq.


Əvvəlin, sonun bilsək də,

Biz bu dünyaya gəlsək də,

Bir gün hamımız ölsək də,

Şükür ki, Allah qalacaq.


Yaxşılıq qalacaq

şeirin müəllifi: Roma Xosrov

Nəfəs verin

 Ya bu ömrü yaşamağa-

mənə bir az həvəs verin

Ya da mənə bir ömürlük,

cəza kəsin, qəfəs verin.


Allaha baxın insanlar,

Allahdan qorxun insanlar,

Allaha yaxın insanlar,

Mənim səsimə səs verin.


Heç bir işə əlim yatmır,

Allah da başımı qatmır,

Ürəyimə hava çatmır,

Boğuluram, nəfəs verin.


Nəfəs verin

şeirin müəllifi: Roma Xosrov

Mən öləndə deyəcəklər

 Bəlkə ölmək istəmirdi,

Bir şeytana uyub getdi.

Bəlkə yaşaya bilmədi,

O da cana doyub getdi.


Yaşamaq ölümdən baha,

Gördü ki, alınmır daha,

Canın tapşırdı Allaha,

Ruhun burda qoyub getdi.


Üst-başından dərd yağırdı,

Çarəsizlik nə ağırdı,

Bəlkə də, Allah çağırdı,

O da səsin duyub getdi.


Mən öləndə deyəcəklər

şeirin müəllifi: Roma Xosrov