Sənə gələn yoluymuş,
Dünyanın uzaq tərəfi.
Sel olub ey, dayanmır,
Gözümün bulaq tərəfi.
Allah, qəlbim yaralandı,
Ruhum məndən aralandı.
Qələminlə qaralandı,
Alnımın varaq tərəfi.
Eh... bu da son görüşdü,
Son qucaq, son öpüşdü.
Neynədik, bizə düşdü,
Həyatın sınaq tərəfi.
Dua edir, əl açır,
Quş olur, göyə uçur.
Hər gün arxanca qaçır.
Könlümün uşaq tərəfi.
Ömür bir nazik sapdı,
Sən getdin, o da, qopdu.
Ha qaçdıq, bizi tapdı,
Sevginin yasaq tərəfi.
Ürək çoxdan sınıqdı,
Bu sevgidən yanıqdı.
Pintidi, dağınıqdı,
Saçımın daraq tərəfi.
Qəlbim oyuq-oyuqdu,
Dərd sinəmdə qayıqdı.
Sənsiz buzdu, soyuqdu,
Evimin yataq tərəfi.
Gözüm yola yol salıb,
Ürək bulud, göz dolub.
Sən gedəndən, boş qalıb,
Qolumun qucaq tərəfi.
Sənə gələn yoluymuş,
Dünyanın uzaq tərəfi.
Sel olub ey, dayanmır,
Gözümün bulaq tərəfi.